«Avropaya inteqrasiya və mədəniyyət» mövzusunda Dəyirmi Masa keçirilib
Demokratik İslahatlar Partiyasının təşəbbüsü, alimlər və gənclərin iştirakı ilə «Avropaya inteqrasiya və mədəniyyət» mövzusunda Dəyirmi Masa keçirilib. Dəyirmi Masada partiya sədri Asim Mollazadə qeyd edib ki, Azərbaycanın Avropaya inteqrasiyası ilk növbədə mədəni dəyərlərin uzlaşdırılmasından keçməlidir: «Avroatlantik məkana inteqrasiya yolunda mədəniyyət vacib amillərdəndir. Bura həm siyasi mədəniyyət, həm idarəetmə mədəniyyəti, incəsənət, hətta adi məişət mədəniyyəti daxildir. Biz bu gün Azərbaycanda hələ də qalmaqda olan sovet kolxozunun təfəkkürünü dəyişərək Avropanın mədəni dəyərləri istiqamətində inkişaf etməyin yollarını axtarmalıyıq. Bu sahədə qarşımıza çıxan ən böyük maneə bəzi insanların hansısa mücərrəd dəyərlərdən danışması, mentalitet, milli-mənəvi dəyərlər adı altında öz bildiklərini cəmiyyətə sırımaq istəyi və Avropa dəyərlərini aşağılamağa çalışmasıdır. Bütün bunlar cəmiyyətə ziyan verir, onu əsas hədəfdən yayındırır». A.Mollazadənin fikrincə, Azərbaycanda bir milli ideya var ki, o da əsası 19-cu əsrdə milli maarifçilərimiz tərəfindən qoyulmuş Azərbaycançılıq ideyasıdır: «Əsası Avropa və Rusiyanın qabaqcıl universitetlərində təhsil almış H.Zərdabi, M.F.Axundov, Ü.Hacıbəyov, Ə.Topçubaşov, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə kimi mütəfəkkirlər tərəfindən qoyulmuş bu ideyaya söykənərək Azərbaycan Şərqdə ilk dünyəvi, demokratik cümhuriyyətin qurulmasına nail olub. Məhz bu amil Azərbaycanın bütün İslam Şərqini bir çox məsələlərdə qabaqlamasına gətirib çıxarıb. Bir çoxları Şərqlə Qərb arasında çoxlu problemlər olduğunu, onların heç vaxt görüşməyəcəyi fikrini təkrarlamağı xoşlayırlar. Amma Azərbaycanın tarixi, Azərbaycançılıq ideyaları bu fikirləri darmadağın edir. Azərbaycan çox vaxt bu iki sivilizasiyasının görüşmə, əməkdaşlıq yeri olub. Məhz buna görə Azərbaycan Şərqdəki bir çox mədəni proseslərin önündə gedib. Orta əsrlərdə Şərq Qərbdən xeyli qabaqda olub, Avropa Şərqdən bütün sahələrdə, hətta ən adi məişət səviyyəsində belə geridə idi. Fikrimcə, Qərbin dönüş nöqtəsi iki amillə bağlı oldu: 1-cisi İohan Qutenberqin çap maşınını ixtira etməsiylə, 2-cisi də Sarbonna, Boloniya kimi universitetlərin yaranması ilə. Avropada bu cür universitetlər yaranandan sonra təhsil, elm geniş xalq kütlələri arasında yayılmağa başladı. Orta təbəqə savadlandı. Məhz bu islahatlar nəticəsində Qərb Şərqi arxada qoydu. “İnsan azadlığına sayğı və tolerantlıq” Qərbi irəli aparan amillər oldu. Bizim məqsədimiz də məhz bu dəyərlərə yiyələnmək, onları analiz edərək çıxış yolları tapmaqdır. İnanırıq ki, Avroatlantik inteqrasiyaya yol Azərbaycan universitetlərindən və mədəniyyətimizin inkişafından keçir», - deyə millət vəkili əlavə edib. . Professor Rəhman Bədəlov isə bizim milli ideologiyamızın istinad edə biləcəyi qaynaqlardan danışıb. Daha sonra filosof Ağalar Məmmədov, «Alma» qəzetinin baş redaktoru İsrail Musayev, DİP-in mətbuat xidmətinin rəhbəri Ülkər Abdullayeva, DİP-in Gənclər Təşkilatının sədri Ramin Hacılı, Dalğa GT-nın üzvü Rövşən Nəcəfov, professor Çingiz Abdullayev mövzu ilə bağlı düşüncələrini ifadə ediblər. Sonda bu istiqamətdə tədbirlərin genişləndiriləcəyini, ölkənin aparıcı universitetlərinin də həmin prosesə cəlb ediləcəyini qeyd edən A.Mollazadə bunun cəmiyyətimizə böyük fayda verəcəyinə inamını ifadə edib.

|