Asim Mollazadə seçicilərilə növbəti dəfə görüş keçirib
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Nəsimi rayonunda yerləşən 151 saylı orta məktəbdə seçicilərlə görüşüb. O bildirib ki, seçicilərlə görüş üçün məktəbin seçilməsində məqsəd ölkədə son dərəcə vacib olan təhsillə bağlı problemləri dinləmək, onların həlli istiqamətində səy göstərməkdir. Millət vəkili ölkədə gedən proseslər, inkişaf strategiyası, qarşıda duran vəzifələr, parlamentin fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verib . O, ölkənin neft gəlirlərinin gənclərin inkişafına, təhsil səviyyəsinin artırılmasına, müxtəlif sahələr üzrə peşəkar mütəxəssislərlin hazırlanmasına yönəldilməsinin vacibliyinə toxunub. Dövlət büdcəsində ən çox vəsaitin hərbiyə və təhsilə ayrıldığını xatırladan deputat vurğulayıb ki, Azərbaycan Boloniya sisteminə keçidlə artıq Avropa təhsil sisteminin bir hissəsinə çevrilib. A.Mollazadənin sözlərinə görə, hazırda ölkədə informasiya və kommunikasiya texnologiyaları, turizm, aqrar sektorda işləyəcək peşəkar mütəxəssələrə ehtiyac var. Millət vəkili keyfiyyətli təhsilə nail olmaq, təhsil sahəsindəki problemləri aradan qalldırmaq üçün ailə və məktəbin birgə fəaliyyətinin önəmini qeyd edib. A. Mollazadə Dağlıq Qarabağ probleminin həlli və «Xocalıya ədalət kampaniyası» ilə bağlı fikirlərini də ifadə edib. O, Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi istiqamətində ciddi iş aparılması zərurətindən danışıb. Sonra millət vəkili seçicilərin problemlərini və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb. Məktəbə yaxın olan məhəllə sakinlərinin nümayəndələri kommunal, ekoloji vəziyyət və sağlamlıq sahəsindəki problemlərindən bəhs ediblər. Həmçinin qeyd olunub ki, görüşün keçirildiyi məktəbin içərisində idman zalı olan yeni korpusunun tikilməsinə ehtiyac var. A.Mollazadə də öz növbəsində səhiyyə sistemində islahatların vacibliyinə toxunub. Bildirib ki, fiziki sağlamlığın ağır yükü təkcə vətəndaşların üzərinə düşməməlidir. Dövlət vətəndaşların sağlamlığının qeydinə qalaraq tibbi sığorta sisteminə keçidi sürətləndirməlidir. Sonda millət vəkili hər bir seçicinin qaldırdığı problemlərin həlli istiqamətində konkret addımlar atacağını qeyd edib.
 
|