DİP Xocalı faciəsi ilə bağlı beynəlxalq qurumlara müraciət edib
Demokratik İslahatlar Partiyası Xocalı faciəsi ilə bağlı ədalətin bərpası üçün bir sıra tədbirlər həyata keçirməkdədir. Partiya rəhbərliyinin Xocalı faciəsi ilə bağlı cinayət işi üzrə əməllərin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tövsif olunması, sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş şəxslərin beynəlxalq hüquq normalarına uyğun şəkildə cinayət məsuliyyətinə cəlb edilməsi, onların axtarılması və mühakiməsi istiqamətində istintaq hərəkətlərinin aparılması barədə parlamentdə irəli sürdüyü təkliflər nəhayət ki, nəzərə alınıb. Respublikanın Hərbi Prokurorluğu (RHP) tərəfindən Xocalı faciəsinin törədilməsində iştirak etmiş 38 nəfər haqqında beynəlxalq axtarışın elan edilməsi faktı bu istiqamətdə indiyədək atılmış ən əhəmiyyətli addımlardan biridir. DİP bu istiqamətdə atılmış addımlara görə, Azərbaycan Respublikası Baş prokurorunun müavini, Hərbi Prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevə təşəkkür məktubu ünvanlayıb. DİP Hərbi Prokurorluğun məlumatlarının Azərbaycanın hüquqi müstəvidə əməkdaşlıq etdiyi ölkələrə göndərilməsini, cinayətkarların tez bir zamanda məsuliyyətə cəlb olunaraq cəzalandırılmasını məqsədəuyğun hesab edir. Partiya Xocalı və Azərbaycanın işğal olunmuş digər ərazilərində törədilmiş cinayətlərlə bağlı faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün bütün mümkün vasitələrdən istifadə etməkdədir. Biz «Xocalıya ədalət» kampaniyasında yaxından iştirak edərək RHP tərəfindən təqdim olunmuş siyahını beynəlxalq təşkilatların, xarici ölkələrin hökumətlərinin, parlamentlərinin, parlamentlərin nəzdində əməkdaşlıq etdiyimiz partiya qruplarının diqqətinə təqdim etmişik. Biz Dağlıq Qarabağ və ətraf rayonlarda insanlığa qarşı cinayətlər törətmiş digər şəxslərin də müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirlərinin müsbət nəticələr verəcəyinə inanırıq. Və bu yolda partiya kimi üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazır olduğumuzu bəyan edirik. Biz Xocalı soyqırımını törətmiş cinayətkarların tapılaraq cəzalandırılması istiqamətində mütəşəkkil fəaliyyət göstərmək məqsədilə sözügedən siyahını və müvafiq məktubları AŞ PA-ya, ATƏT PA-ya, NATO PA-ya və Avropa Parlamentinə, bu qurumlarda təmsil olunmuş bizim partiya ilə əməkdaşlıq edən fraksiyaların rəhbərlərinə göndərmişik. Ünvanladığımız məktublarda beynəlxalq qurumları, həmin qurumlarda təmsil olunmuş ölkələri Xocalı faciəsi ilə bağlı ədalətli hökmün çıxarılması üçün öz köməkliklərini əsirgəməməyə çağırmışıq. Onlara İslam Konfransı Təşkilatının müvafiq qərarını xatırladaraq analoji addım atmalarını rica etmişik. DİP eyni zamanda AR Milli Təhlükəsizlik Nazirliyi nəzdində Xocalı soyqırımı ilə bağlı əməliyyat-axtarış üzrə xüsusi işçi qrupunun yaradılmasını təklif edib. Partiya hesab edir ki, həmin işçi qrupu həm Xocalı faciənin törədilməsində iştirakları təsbit edilmiş 38 nəfərin, həm də işğal olunmuş ərazilərində hərbi cinayətlər törətmiş digər şəxslərin Azərbaycanla müvafiq hüquqi müqavilələri olan ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində axtarılıb tapılması və ölkəyə ekstradisiyası istiqamətində səmərəli fəaliyyət göstərə bilər.
|