Namizədlər hərəkətə gəlməkdədir
Asim Mollazadə: "Seçici səs verdiyi namizədin qələbəsindən necə bəhrələnə biləcəyini müəyyənləşdirməlidir" "Bu, bir dövlət kimi Azərbaycanın dəyərləri baxımından çox önəmlidir. Çünki çox təhlükəli qüvvələrlə əhatə olunan Azərbaycana həmin qüvvələri yeritməklə bizi orta əsrlərə qaytarmaq niyyətindədirlər" Bu il üçüncü çağırış parlament seçkiləri ilidir. Milli Məclisə mandat almaq istəyində olanlar artıq seçki prosesindən qalib gəlmək ümidi ilə ciddi hazırlıq işlərinə başlayıblar. Hakimiyyət və müxalifət düşərgəsində təmsil olunmasından asılı olmayaraq parlamentdə daha çox yer qazanmaq üçün siyasilər öz aralarında danışıqlar aparır, bloklar yaradırlar. Müxalifəti təmsil edən və hazırkı parlamentdə yalnız sədr səviyyəsində təmsil olunan Demokratik İslahatlar Partiyası da Milli Məclisə keçiriləcək seçkilərə hazırlaşır. DİP sədri, millət vəkili Asim Mollazadə deyir ki, istənilən bir seçki prosesi siyasi partiya üçün olduqca önəmli məsələdir. Bu baxımdan DİP də bir siyasi təşkilat olraq artıq seçki prosesinə hazırlıq işlərinə başlayıb. Onun sözlərinə görə ötən il keçirilən bələdiyyə seçkiləri DİP-ə yerlərdəki imkanlarını müəyyənləşdirməyə şərait yaradıb: "Məqsədimiz bölgə komandamızla birlikdə müvafiq treninqlər, seminarlar keçirməklə onların təcrübəsini artırmaq idi. Bununla biz parlament seçkiləri ərəfəsi bu işi daha da gücləndirməyi və prosesə ciddi hazırlaşmağı düşünürdük. Hələlik bölgələr üzrə namizədlərin müəyyənləşdirilməsi tezdir. Seçki dövrünə yaxın ərəfədə biz konkret bölgələrdəkı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi və təbliğatının aparılması prosesinə başlayacağıq. Real siyasətçi olaraq biz cəmiyyətdə qedən prosesləri nəzərə almalıyıq. Çalışacağıq ki, parlamentdə təmsilçilərimizin sayını artıraq". Təmsil etdiyi partiyanın müəyyən mövqeyə malik olduğunu vurğulayan deputat deyir ki, DİP-in sabit sosial bazası olsa da onlar daha çox perspektiv üçün hazırlaşırlar: "Bizim partiyanın sabit sosial bazası var. Amma təəssüf olsun ki, sosial bazamız müəyyən qədər dar olduğuna görə bir çox məqamları perspektiv üçün qoruyuruq. Lakin zaman bizim xeyrimizə işləyir və partiyanın diqqət yetirdiyi əsas sosial tərkib gənclikdir. Biz gəncliyin imkanlarını artırmaqla öz imkanlarımızı da artırırıq. Biz istəyirik ki, Azərbaycan gəncliyi bu gün dünyada gedən rəqabətə hazır olsun, effektiv təhsil alsın. Dövlətimiz zənginləşdikcə gənc nəslin varlanması da əsas faktordur. Çünki yaxşı peşə əldə edən, öz ağlı, bacarığı ilə çörəyini qazananlar cəmiyyətin inkişafında mühüm rol oynaya bilər. Bizim partiyanın əsas sosial təbəqəsi də məhz belələrindən ibarətdir. Son vaxtlar ölkəmizdə bu proses inkişaf etməkdədir. Nəhayət gənclik ölkədə ciddi,önəmli mövqe tutmalıdır. Nəsillərin dəyişmələri mütləq olmalı və gəncliyin təfəkkürü müasir prinsiplərə uyğun formalaşdırılmalıdır. Buna son dərəcə böyük zərurət var". "Biz bu seçkilərdə qələbə qazanmasaq da, daha yaxşı nəticələr əldə etməyə çalışacağıq"-deyən Asim Mollazadə bu dəfəki seçkinin partiyası üçün bir sınaq ili olacağını düşünür: "Biz yaxşı nəticələr əldə etməklə yanaşı, eyni zamanda da biz bu seçkini gənclərimiz üçün bir sınaq ili olacağını düşünürük. Bununla gənclərimiz artıq ictimai-siyasi fəaliyyətdə güclənəcəklər. Çox ciddi bir məqam isə partiyamızda gender bərabərliyinə nail olmaqdır. Şərqdə türk və İslam dünyasında ilk Xalq Cumhuriyyəti quran ölkə olan Azərbaycan həm də qadınlara seçki hüququ verən ilk dövlət kimi də tanınır. Həmin Cumhuriyyətin davamçısı olaraq biz də seçkili orqanlarda xanımlarımızın sayının daha çox olmasına çalışmalıyıq. Biz istəyirik ki, siyasi xanım liderlərimiz daha çox olsun. İslam dünyasında ilk təyyarəçi qadın da məhz azərbaycanlı olub. Bu mənada Azərbaycan xanımlarının imkanlarının daha geniş, səmərəli olmasını arzulayırıq. Bu, bir dövlət kimi Azərbaycanın dəyərləri baxımından çox önəmlidir. Çünki çox təhlükəli qüvvələrlə əhatə olunan Azərbaycana həmin qüvvələri yeritməklə bizi orta əsrlərə qaytarmaq niyyətindədirlər". Proporsional seçki sisteminin bərpası ilə bağlı aparılan müzakirələrə gəlincə, DİP sədri seçkinin mojaritar, yaxud da proporsional sistem üzrə aparılmasında hansısa fərq görmür: "İndiyə kimi heç kim hansı sistemin daha demokratik olması barədə qərar verməyib. ABŞ və dünyanın bir sıra demokratik ölkələrində parlament seçkiləri mojaritar qaydaya əsasən aparılır. Heç kim də bu ölkələrdə seçkinin qeyri demokratik keçirilməsi barədə hansısa fikri səsləndirə bilməz. Mojaritar sistem demokratik seçki təmsilçiliyini daha yaxşı etiva edir. Yəni bölgələr artıq onları seçkili orqanlarda təmsil edən siyasətçinin, nümayəndənin olduğunu bilirlər. Proporsional seçkinin tərəfdarları bunu onunla əlaqələndirirlər ki, keçid dövrü yaşayan dövlətlərdə siyasi partiyaların fəaliyyətini genişləndirmək üçün bu sistem daha uğurludur. Amma burada bir amil var ki, mojaritar seçkilərdə uğur qazanan siyasi partiya daha güclü olmalıdır. Hər bir seçkidə yeni bir sistemə qaçmağın tərəfdarı deyiləm. Hansısa bir sistem artıq ölkədə formalaşmalıdır və siyasi partiyalar da öz işlərini ona uyğun qurmalıdırlar. Hər seçkidə yeni bir sistemin tətbiqindən nə siyasi partiyalar, nə də vətəndaşlar kimə, nəyə səs verdiklərini anlaya biləcək". Seçkilərdə seçici aktivliyinə nail olmaq məsələsinə toxunan Asim Mollazadə hesab edir ki, seçici aktivliyi ilə yanaşı, həm də insanların kimi deputat görməsinin fərqində olması əsas amillərdən biridir: "Azərbaycanda çox vaxt qəribə bir siyasi mədəniyyət özünü göstərir. İstənilən bir siyasi qüvvə hakimiyyətdəkinin getməsini, özünün isə hakimiyyətə gəlib nəyisə düzəltməsini dilə gətirir. Konkret olaraq seçkilər hər bir partiyaya öz fəaliyyəti barədə seçicilərə məlumat vermək imkanı yaradır. Bizim istəyimiz də ondan ibarətdir ki, bir siyasi partiya kimi müxtəlif siyasi texnologiyalardan istifadə edərək öz dəyərlərimizi, proqramlarımızı, planlarımızı ortaya qoya bilək. Seçici də bu qələbədən onun necə bəhrələnə biləcəyini müəyənləşdirməlidir. Yəni bizim sosial, təhsil, səhiyyə və bütövlükdə insanların bilavasitə həyatları ilə bağlı olan sahələrdə hansı yenilikləri istədiyimiz bəlli olmalıdır. Bu məsələlər siyasi partiya kampaniyasını həyata keçirən nümayəndələr tərəfindən seçicilərə çatdırmalıdır. Syasi partiya yalnız seçki ərəfəsi yerlədrə tədbirlər keçirib, təbliğati işlərini görməklə kifayətlənməməlidir. Ona görə də biz həm bölgələrdə, həm də paytaxtda öz imkanlarımızdan istifadə edərək mütəmadi olaraq vətəndaşlarla görüşürük. Bizim fəaliyyətimizi də gücləndirən vətəndaşları bu gün ölkədə hansı məsələlərin narahat etməsi barədə verdikləri məlumatlardır. İnsanları ən çox narahat edən sosial problemlər, yaşadıqları mühit, övladlarının təhsili və s. məsələlərdir". Gültəkin Ədalət
|