Asim Mollazadə İstanbulda Türkiyə-İsrail münasibətləri ilə bağlı müzakirələrdə iştirak edib
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə İstanbulda «Turkish Policy Quarterly» (Türk Siyasəti Hər Rübdə) dərgisinin və Konrad Adenauer Fondunun təşkilatçılığı ilə keçirilən «Köhnə dostlar, yeni düşmənlər? Türkiyə-İsrail əlaqələri üçün çətin zamanlar» mövzusunda keçirilən dəyirmi masada iştirak edib. Tədbirdə Türkiyə ilə İsrail münasibətlərində son zamanlarda yaşanan gərginlik, onun səbəbləri və aradan qaldırılması yolları, kimin iki ölkə arasında vasitəçilik edə biləcəyi ilə bağlı məsələlər müzakirə edilib. Asim Mollazadə «İsrailin Təhlükəsizlik Problemi: Azərbaycanla müttəfiqlik region üçün nə ilə nəticələnə bilər?» mövzusunda məruzə edib. Həmçinin diskussiyaların gedişində mövzu ilə bağlı fikirlərini bölüşüb, iştirakçıları maraqlandıran sualları cavablandırıb. Müzakirələrdə Türkiyə və İsrailin qabaqcıl universitetlərinin, ictimai-siyasi təşkilatlarının nümayəndələri, həmçinin medianın aparıcı simaları iştirak edib.
|